Lənkəranda zəncirvari qəza olub, yol bağlanıb
Lənkəranda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Boradigah şose yolunun Veravul kəndi ərazisində qeydə alınıb. Masallı rayon sakini Əkbərağa Həşimovun idarə etdiyi “KamAZ” markalı maşın Lənkəran rayonunun Xarxatan kənd sakini Sirac Mehdiyevin idarə etdiyi “Ford” markalı mikroavtobusa çırpılıb.
Yolun əks istiqamətində hərəkət edən "Mercedes" markalı mikroavtobus qəzadan qaçmaq üçün manevr etmək istəyib. Bu zaman yoldan çıxaraq, aşmaq təhlükəsi ilə üzləşib. Qəza nəticəsində xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib. Həmçinin şose yol 1 saatadək bağlanıb. Hadisə yerinə cəlb edilən yol polislərinin müdaxiləsi ilə yolda nəqliyyatın hərəkəti bərpa olunub.
İlkin versiya kimi qəzanın “KamAZ” markalı yük maşınının əyləc sistemində yaranmış nasazlıq səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.