Nazir: "Ermənilər işğal olunmuş ərazilərdə abidələri məqsədli şəkildə məhv edirlər"

"Ermənistan işğal altında olan Qarabağ və digər ətraf rayonlarımızda bütün maddi mədəniyyət abidələrimizi məqsədyönlü şəkildə məhv edib".

 

APA TV-nin xəbərinə görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiya və Komitələrinin Bakıda keçirilən V Görüşündəki çıxışında deyib. O, Dağlıq Qarabağ münaqişəsinin 20 ildən artıqdır, davam etdiyini və nəticədə 1 milyondan artıq insanın ən fundamental insan haqlarının pozulduğunu qeyd edib: "Bizim təşəbbüsümüzlə UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə komitəsi işğal edilmiş ərazilərimizdə mədəni mülkiyyətin qorunmasına dair qərar qəbul edib. Təəssüflər olsun ki, bu illər ərzində Ermənistan nə BMT TŞ tərəfindən qəbul edilmiş qətnamələri, nə də UNESCO tərəfindən qəbul edilmiş bu qərarın tələblərini yerinə yetirib. Dünyada min illərlə yaradılan hər hansı dini abidələrin, ümumiyyətlə mədəni dəyərlərin məhv edilməsindən, insanların günahsız yerə öldürülməsindən daha dəhşətli heç nə ola bilməz".

 

Nazir Azərbaycanın UNESCO ilə bütün vacib istiqamətlər, o cümlədən elm, mədəniyyət, kommunikasiya və digər sahələr üzrə 20 ildir əməkdaşlıq etdiyini qeyd edib. O, eyni qədim tarixə, kökə, dil və mədəniyyətə sahib olan türk xalqlarının bir-birinə daha da yaxınlaşdığını deyərək yaxın zamanlarda fəaliyyətə başlayacaq Türk İrsi və Mədəniyyəti Fondunun da bu irsin gələcək nəsillərə ötürülməsinə öz töhfələrini verəcəyini qeyd edib. 

Müəllif | Apa.Tv