AVCİYA bələdiyyə seçkiləri ilə bağlı aralıq hesabatını təqdim edib

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) seçki qərargahının dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinin müşahidəsinə dair aralıq hesabatının təqdimatı keçirilib. APA TV-nin xəbərinə görə, qərargahın sədri Məhərrəm Zülfüqarlı bildirib ki, assosiasiya 2004-cü ildən keçirilən bütün seçkilərdə müşahidəçi qismində iştirak edib və monitorinq aparıb. Məhərrəm Zülfüqarlı bələdiyyə seçkiləri, namizədlərin sayı və digər məsələlərlə bağlı məlumat verərək qeyd edib ki, təşkilat oktyabr, noyabr və dekabr aylarında seçkiqabağı vəziyyətlə bağlı monitorinq aparıb. Onun sözlərinə görə, seçkiqabağı mühit əvvəlki bələdiyyə seçkiləri ilə müqayisədə daha sakit məcrada davam edir və bunun da müəyyən səbəbləri var: “Bələdiyyələrin maliyyə imkanlarının zəif olması, bəzi kənd bələdiyyələrinin inzibati binasının olmaması da onların fəaliyyətinə mənfi təsir göstərir. Son illər bələdiyyələrlə bağlı cinayət işlərinin açılması da bələdiyyələrə olan marağı əvvəlki illərə nisbətən azaldıb. Əgər əvvəlki bələdiyyə seçkilərində bir yerə iki namizəd vardısa, bu seçkilərdə bu rəqəm 2,5 təşkil edir ki, bu da aşağıdır”. Məhərrəm Zülfüqarlının sözlərinə görə, assosiasiya tərəfindən seçkilərlə əlaqədar MSK-nın da fəaliyyəti ilə bağlı müşahidə aparılıb və qurumun daha təkmil fəaliyyət göstərdiyi məlum olub.

Müəllif | Apa.Tv
Apa.tv