Əbülfəs Qarayev türkdilli dövlətlərini mədəni dəyərləri birgə qorumağa çağırıb

"Türkdilli ölkələr, adət-ənənələrinin, musiqi, yaşayış tərzi haqqında birgə faylların hazırlanması və UNESCO-ya təqdim edilməsi barədə ciddi düşünməlidir".

 

APA TV-nin xəbərinə görə, bunu TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiya və komitələrinin beşinci iclasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O, UNESCO-nun lavaşla bağlı qərarında türkdilli ölkələrin rolunu xüsusi qeyd edib: "Ermənistan UNESCO komissiyasına lavaş nominasiyasının təqdim edərək bu çörəyin yalnız erməni xalqına məxsus olduğunu iddia edirdi. Azərbaycanın və bu ölkələrin etirazları nəzərə alındı. Məgər biz görmürük ki, bu çörəyi bişirməyin üslubu bütün türk xalqlarına məxsusdur?"

 

Nazirin sözlərinə görə, bu gün bizim musiqimiz, aşıq sənətimiz, muğamımız, adət-ənənələrimiz təcavüzə məruz qalıb. Bu baxımdan Əbülfəs Qarayev  Bodrumda türkdilli ölkə rəhbərlərinin zirvə görüşündə qəbul edilən qərarların yerinə yetirilməsinin vacibliyini qeyd edib. O, Azərbaycanın mədəniyyətlərarası dialoqun keçirilməsində YUNESKO və TÜRKSOY-u ciddi tərəfdaş hesab etdiyini qeyd edib.

 

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov isə beynəlxalq, o cümlədən UNESCO ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın 3 il öncə Şərqlə Qərbi birləşdirən Avrasiya informasiya magistralının həyata keçirilməsi üçün layihə irəli sürdüyünü deyib: "Bu, BMT Baş Assembleyasının 3 qətnaməsi ilə dəstəklənib və Avro-Asiya informasiya Alyansının baş koordinatoru olmaq üçün Azərbaycan təklif edilib. Burada TÜRKSOY-a daxil olan ölkələr aktiv iştirak edir. Əgər ənənəvi İpək yolu mal, əşya daşıyırdısa, virtual İpək yolu elm və rəqəmli dəyərlərin daşınmasına xidmət edəcək".

 

Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiya və Komitələrinin ənənəvi 5-ci iclası başlayıb. Tədbir UNESCO üzrə Azərbaycan Milli Komissiyasının yaradılmasının 20 illik yubileyinə həsr olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv