"Boko Haram" terrorçuları Nigeriyada 200 nəfəri qaçırıb

"Boko Haram" terror təşkilatı Nigeriyada 200 nəfəri qaçırıb. APA TV-nin xəbərinə qaçırılan şəxslər Borno vilayətində yerləşən bir kəndin sakinləridir. Xalq tərəfindən təşkil olunan qoşunların sözçüsü Jubrin Qunda bildirib ki, üsyançılar Bintiri kəndinə hücum edərək aralarında qadınların da olduğu 200-dən artıq adamı qaçırıb. Onların hara aparıldığı məlum deyil.

 

Qeyd edək ki, "Boko Haram" terrorçuları tərəfindən Bornonun Çibok qəsəbəsində bir məktəbli yataqxanasından qaçırılan 200-dən çox qızın hələ də üsyançıların əlində olduğu bildirilir. Terrorçular qaçırdıqları məktəbli qızları bazarda satacaqlarıını bəyan ediblər. Bu təşkilatın təkcə noyabr ayında törətdiyi cinayətlər nəticəsində 300-dən çox insan ölüb. Ümumilikdə Boko Haram son 5 ildə 13 min insanın ölümünə səbəb olub.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı