Prezident İlham Əliyev "Müslüm Maqomayev" gəmisinin açılış mərasiminə qatılıb

SSRİ xalq artisti Müslüm Maqomayevin adını daşıyan gəminin istismara verilməsi mərasimi olub. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya iştirak ediblər.

 

Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı səsləndirilib. Gəmidə yaradılan şəraitlə tanış olan prezidentə məlumat verən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev bildirib ki, sürətli sərnişin gəmisinin uzunluğu 70 metr, eni 16 metr, bortunun hündürlüyü 6 metrdir. Gövdəsi ikiqat, bütövlükdə alüminium qatlarından yığılmış katamaran tipli gəmi təyinatına görə dünyada həmin kateqoriyada ilk sürətli sərnişin gəmisidir. Gəmidə Müslüm Maqomayevin xatirə guşəsi yaradılıb.

 

Gəmi dənizdə çalışan neftçilərin sərəncamına verilərək, 150 nəfərədək xüsusi dəniz-mədən heyətinin Xəzərdəki neft-qaz platformalarına çatdırılması işlərini yerinə yetirəcək. Hava şəraitindən asılı olaraq gəmi saatda 38 dəniz milinədək sürətlə hərəkət edə bilir.

 

Prezident İlham Əliyev Müslüm Maqomayevin bənzərsiz yaradıcılığından danışıb, onun xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını deyib.

 

Daha sonra prezident İ. Əliyev “Lənkəran” yedək-təchizat gəmisində yaradılan şəraitlə tanış olub.

 

Bildirilib ki, gəmi “Şah-Dəniz-2” layihəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Kaspian Marin Servisez” şirkətinin alyansı çərçivəsində istismar olunur. Gəminin uzunluğu 74,5, eni isə 17,2 metrdir. Texniki göstəricilərinə görə Xəzərdə birinci olan, 16320 at gücündəki bu yeni yedək-təchizat gəmisinin dartma qüvvəsi 207 tondur.

 

Sonda prezident müvafiq tapşırıqlarını verib.

Müəllif | Apa.Tv
Apa.tv