Putin: “Türkiyənin iştirakı olmadan bir çox regional məsələnin həlli mümkün deyil”

"Rusiya ilə Türkiyənin üst-üstə düşən çoxlu sayda regional maraqları var".

 

APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, bunu Moskvada keçirilən ənənəvi brifinqdə Rusiya prezidenti Vladimir Putin deyib. Vladimir Putin qeyd edib ki, Türkiyənin iştirakı olmadan bir çox regional məsələnin həlli mümkün deyil.

 

Avropanın Türkiyəni Rusiyaya qarşı sanksiyalara qoşulmağa vadar edəcəyinə əmin olduğunu deyən Rusiya prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana bəzi məsələləri ictimailəşdirməməyi təklif etdiyini, lakin onun bundan imtina etdiyini bildirib.

 

“Türkiyə iqtisadiyyatı inkişaf edir, yeni resurslara ehtiyac duyulur. Daxili bazara qaz tədarükünü artırmaq istəyir. İndi biz bundan imtina etməliyik? Türkiyə-Yunanıstan sərhədində Avropanın paylayıcı mərkəzinin yaradılması mümkündürmü? Bu, avropalı tərəfdaşlardan asılıdır. Onlar istəsələr, biz işləyəcəyik. Oradan isə həm Makedoniyaya, həm də Serbiyaya çıxmaq olar”

 

Ukrayna məsələsinə toxunan Vladimir Putin Minsk görüşü Ukrayna prezidenti Pyotr Poroşenko ilə onun birgə təşəbbüsü olub.

 

“Ukrayna prezidenti razılığa gəlmək istəyir. Fikrimcə, Poroşenko problemin nizamlanmasının tərəfdarıdır. Lakin o orada tək deyil! Biz “Sonadək döyüşmək lazımdır” tipli bəyanatlar eşidirik”.

 

Rusiya prezidenti maliyyə bazarında yaranmış duruma toxunaraq son günlərdə müşahidə olunan proseslərə xarici amillərin təsir göstərdiyini bildirib. Vladimir Putin qeyd edib ki, Rusiya iqtisadiyyatının diversifikasiyaya ehtiyacı var.

 

O, maliyyə-iqtisadi böhranın növbəti 2 il ərzində davam edəcəyini istisna etməyib.

 

“Rusiya Mərkəzi Bankı adekvat addımlar atır. Lakin ölkədəki iqtisadi durum təkcə bu addımlardan asılı deyil. Nikbinliyim onunla bağlıdır ki, iqtisadiyyatımız enerji daşıyıcılarının qiymətlərinin aşağı olmasına uyğunlaşacaq. Bütövlükdə iqtisadiyyatın strukturlaşması baş verəcək. Bu, qaçılmazdır”.

 

Vladimir Putinlə görüşdə 1250 jurnalist iştirak edib. Ümumilikdə Rusiya prezidentinə  53 sual ünvanlanıb. Görüş 3 saat yarım davam edib. 

Müəllif | Apa.Tv
Apa.tv