Səlim Müslümov: "Ünvanlı sosial yardım verilməsi prosesi avtomatlaşdırılacaq"

Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov Yevlax rayonunda Yevlax, Mingəçevir, Goranboy, Ağdaş və Naftalandan olan sakinləri qəbul edib. APA TV-nin xəbərinə görə, müraciətlər əsasən, mənzil və minik avtomobilləri, məşğulluğun təminatı, peşə hazırlığına cəlb olunma, əlilliyi olan şəxslərin bərpa-müalicəsi və digər məsələlərlə bağlı olub. Jurnalistlərə açıqlama verən nazir bildirib ki, qəbul zamanı əmək hüquqlarının təminatı, ünvanlı dövlət sosial yardımı və əlillik təyinatı ilə bağlı müraciətlər isə azlıq təşkil edib: "Bütün ölkədə vətəndaşların ünvanlı sosial yardım alması üçün müraciətlər və müraciətlərə baxılması prosesi tam avtomatlaşacaq. Ölkənin bütün poçt şöbələrində informköşklər quraşdırılacaq. Onlar xüsusi proqramla təmin olunacaq. Yardımın verilməsi və imtina edilməsinin səbəbləri barədə vətəndaşa qeyd etdiyi mobil telefonuna smsinfo gələcək".  

 

Qeyd edək ki, bu il növbədə dayanan müharibə əlillər və onlara bərabər tutulan şəxslər (ümumilikdə 1453 nəfər) qısa müddətdə avtomobillə təmin olunub.

 

Müəllif | Apa.Tv