"Samanyolu" telekanalı və "Zaman"qəzeti rəhbərlərinin həbsinə qərar verilə bilər

Türkiyədə "14 dekabr" işi üzrə saxlanılan 12 nəfərin dindirilməsi başa çatıb. APA TV-nin məlumatına görə, "Zaman" qəzetinin baş redaktoru Əkrəm Dumanlı və "Samanyolu" yayım qrupunun prezidenti Hidayət Qaracanın da aralarında olduğu saxlanılanlar 1-ci Sülh Cəza Məhkəməsində ifadə veriblər. Dindirmə təxminən 11 saat davam edib. Saxlanılanların azadlığa buraxılması və ya barələrində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar bu gün açıqlanacaq. 

 

Şübhəlilər silahlı terror təşkilatına üzvlük, təhdid və ya hiylə ilə insanların azadlığının qanunsuz məhdudlaşdırılması və böhtanda ittiham olunurlar. 

 

"Samanyolu" yayım qrupunun prezidenti Hidayət Qaracanın vəkili məhkəmənin qarşısında jurnalistlərə bildirib ki, müdafiə etdiyi barəsində həbs-qətimkan tədbiri seçiləcək. 

 

Bu arada iki media rəhbərinin istintaqa verdiyi ifadələrin bəzi detalları məlum olub. "Zaman" qəzetinin baş redaktoru Əkrəm Dumanlı qəzetin buraxılışlarının Fətullah Gülənin təlimatları ilə hazırlanması ilə bağlı iddiaları rədd edib. O, əməliyyatın səbəbi kimi göstərilən "tahşiyeçiler" ifadəsini də ilk dəfə eşitdiyini bildirib. 

 

"Samanyolu" telekanalının rəhbəri Hikmət Qaraca isə Fətullah Gülənin müdaxilə etdiyi bildirilən "Tək Türkiyə" serialının xəyal məhsulu olduğunu və ssenaristlər tərəfindən yazıldığını deyib. O, bir seriala görə silahlı təşkilat yaradılması iddiasının irəli sürülməsini "absurd" adlandırıb: "Əgər xəyal məhsulu olan hər seriala görə cinayət işi başlansa, serial sektoru çökər". 

 

Qeyd edək ki, dekabrın 13-ü 14-də keçirilən əməliyyat zamanı 30 nəfər saxlanılmışdı. Saxlanılanların bir hissəsi prokurorluğun qərarı ilə azadlığa buraxılıb.

 

Müəllif | Apa.Tv