Gəncədə tələbəni maşın vurdu

Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 9 radələrində şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb.

 

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi, 23 yaşlı Bakı şəhər sakini Bayramlı Fətəli Cavanşir oğlu yolu keçmək istəyərkən “VAZ” markalı avtomobil tərəfindən vurulub. Xəsarət alan Fətəli Bayramlı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona sol baldırın sınığı, qarın və sifət nahiyəsinin zədələnməsi diaqnozu qoyulub, vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Gəncə şəhər Baş Polis İdarəsindən bildiriblər ki, hadisəni törədən sürücünün kim olduğu  məlumdur. Hazırda faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli