Oxfam təşkilatı: Azərbaycan ərzaq cəhətdən öz daxili tələbatını 80 faiz ödəyə bilir

"Azərbaycan ərzaq cəhətdən özünün daxili tələbatını 80 faiz ödəyə bilir". Bu sözləri Oxfam təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Şövkət Əlizadə kənd təsərrüfatı sahəsində həyata keçirdikləri 2 layihənin illik hesabatı ilə bağlı təşkil edilən tədbirdə deyib.  APA TV-yə verilən məlumata görə, layihələr Avropa İttifaqı ilə birgə maliyyələşdirilir. Şövkət Əlizadə layihələrin Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq çərçivəsində reallaşdığını qeyd edib. Milli Məclisin Aqrar Siyasət Komitəsinin eksperti Zahid Abbasov komitənin Oxfam təşkilatı ilə sıx işlədiyini bildirib. Onun sözlərinə görə, fermerlərin sayının çoxalması, 3 mindən artıq insanın kənd təsərrüfatı ilə məşğul olması onların bilik səviyyəsinin artırılmasını tələb edir. Məhz buna görə Aqrar siyasət komitəsinin müzakirəsinə "Kənd təsərrüfatı informasiya məsləhət xidməti"nin yaradılması ilə bağlı layihə təqdim edilib. Zahid Abbasov bildirib ki, hazırda dünyanın inkişaf etmiş ölkələrində belə mərkəz fəaliyyət göstərir. Azərbaycanda da bunun yaradılması kənd təsərrüfatının inkişafı üçün çox böyük təməl yaratmış olacaq. Ərzaq təhlükəsizliyi ilə bağlı layihənin illik hesabatında qeyd olunub ki, kənd təsərrüfatı sahəsi ərzaq təhlükəsizliyində ən vacib sektordur. Bu sahə ölkədə ən böyük işçi qüvvəsinə malikdir. Bu rəqəm 40 faizdir. Lakin ÜDM-də onun payı yalnız 6 faizdir. Son 5 ildə Azərbaycanda əhalinin istehlak xərclərindən ərzaq xərclərinin payı azalıb. Əgər 2009-cu ildə bu rəqəm 52,9 faiz idisə, 2013-cü ildə 41,5 faizə düşüb. İnkişaf etmiş ölkələrdə bu göstərici 25 faizdir. 

Müəllif | Apa.Tv
Apa.tv