Lənkəranda zəncirvari qəza: 1 yaralı

Lənkəranda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Lənkəran-Lerik şosesinin 1-ci kilometrliyində qeydə alınıb. Lənkəran rayon sakini Tural Cəfərovun idarə etdiyi “VAZ-21011” markalı minik avtomobili onun həmyerliləri İlqar İsmayılovun idarə etdiyi “VAZ-21015” və Emil Qasımovun idarə etdiyi “Mercedes” markalı minik avtomobilləri ilə toqquşub. Güclü zərbə nəticəsində hər 3 avtomaşına ciddi ziyan dəyib. Müxtəlif dərəcəli bədən xəsarətləri  alan 31 yaşlı Tural Cəfərov Lənkəran Mərkəzi Rayon Xəstəxanasının  travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, hazırda onun vəziyyəti orta-ağırdır.

 

İlkin versiya kimi hadisənin “VAZ-21011” markalı avtomobilin “Mercedes”in yoluna çıxması səbəbindən baş verdiyi bildirilir.

 

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv