Azərbaycanda 1564 əlilə səyyar formada protez-ortopedik bərpa xidməti göstərilib

Azərbaycanda 51 rayon üzrə 1564 nəfər əlilə səyyar formada protez-ortopedik bərpa xidməti göstərilib. APA TV-nin xəbərinə görə, ƏƏSMN-nin Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşlarından ibarət tibbi-texniki briqada dekabrın 17-də Ucar və Bərdə, dekabrın 18-də Tərtər, Ağcabədi və Ağdam rayonlarında dayaq-hərəkət sistemi pozulmuş əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada bu xidmət təqdim edilib. Dekabrın 19-da isə Beyləqan və Füzulu rayonlarında yaşayan belə şəxslər səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin olunur.

 

Tədbir zamanı Protez-Ortopedik Bərpa Mərkəzinin direktoru Asif Məcidov qeyd olunan 7 rayon üzrə ümumilikdə 452 nəfər dayaq-hərəkət sistemi pozulmuş əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri və s. ilə təmin olunmasının nəzərdə tutulduğunu qeyd edib. O bildirib ki, bununla da həmin şəxslərin onlar üçün zəruri protez-ortopedik məmulatlardan, reabilitasiya vasitələrindən ötrü xərc və zəhmət çəkərək paytaxt Bakıya getmələrinə artıq ehtiyac qalmayıb.

 

Bu ilin 11 ayı ərzində bu müəssisələr tərəfindən əlilliyi olan şəxslər müxtəlif növlərdə ümumilikdə 21 341 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla,  o cümlədən 574 əlil arabası ilə təmin ediliblər. Həmçinin onlara məxsus 818 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilərək yenidən onların istifadəsinə verilib. Bununla yanaşı, qeyd olunan dövrdə Protez-Ortopedik Bərpa Mərkəzinin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşmə stasionarlarında 655 nəfər əlilliyi olan şəxsə müvafiq müalicəvi və rekonstruktiv reabilitasiya xidmətləri göstərilib.

 

Müəllif | Apa.Tv