Səfir: “Gürcüstanın xarici siyasətinin dəyişəcəyini deyənlər yanıldılar”

“Gürcüstanın xarici siyasətini dəyişəcəyini söyləyən skeptiklərə rəğmən, Gürcüstan hökuməti seçkiqabağı vədlərinə sadiq qaldı. Ölkə qəti və dönməz şəkildə Avropa və avroatlantik inteqrasiya yolu ilə getdi”.

 

APA TV-nin xəbərinə görə, bunu bu gün Bakıda keçirdiyi mətbuat konfransında Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib. Diplomat Rusiya ilə münasibətlərə də toxunub: “Gürcü Arzusu”nun hakimiyyətə gəlməsindən sonra Rusiya ilə ikinci danışıqlar formatı yaranıb. Gürcüstan Rusiyaya doğru addım atdı. Lakin buna cavab olaraq Rusiya Abxaziya ilə strateji tərəfdaşlıq və ittifaq barədə yeni müqavilə imzaladı. Cənubi Osetiya ilə də analoji müqavilə hazırlanır”. 

 

Sərhədlərin delimitasiyası və demarkasiyası prosesində tezliklə irəliləyiş olacağına diqqət çəkən diplomat bildirib ki, bu məsələ həllini tapacaq: "Bu, çox iş tələb edən bir prosesdir. İş davam edir. Çətinliklər olsa da, tezliklə irəliləyiş olacaq və məsələ bağlanacaq. Bu məsələ Azərbaycanla Gürcüstan arasında mövcud olan yaxşı münasibətlər çərçivəsində həll olunmalıdır”.

 

 Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrindən danışan Teymuraz Şaraşenidze qeyd edib ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Gürcüstan hissəsi sınaq qatarının buraxılmasına hazırdır. Onun sözlərinə görə, BTQ-nin Gürcüstan hissəsinin tikintisi işləri əsas etibarilə tamamlanıb. Bu layihənin 2015-ci ildə başa çatdırılması planlaşdırılır, bu ilin sonuna kimi isə ilk sınaq işçi qatarının buraxılması nəzərdə tutulur.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı