MSK sədri: "1000 seçki məntəqəsinə veb-kamera quraşdırılıb"

"Mərkəzi Seçki Komissiyasının (MSK) qərarı ilə bələdiyyə seçkilərində bəzi seçki məntəqələrində veb-kameralar quraşdırılıb. Seçki məcəlləsinin tələbinə uyğun olaraq, veb-kameralar elə yerə quraşdırılıb ki, səsvermə kabinələri istisna olmaqla seçki məntəqəsinin hər yerindəki bütün prosesi izləmək mümkün olsun".

 

APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib: "Bütün dünyanın istənilən nöqtəsindən Azərbaycanda keçirilən bələdiyyə seçkiləri zamanı 5000 məntəqənin 20 faizində, yəni 1000 məntəqədə seçkiləri müşahidə etmək mümkün olacaq. Eyni zamanda MSK -da və DSK da akkreditasiyadan keçməmiş müşahidəçilər belə seçkiləri onlayn izləyə biləcəklər".

 

Kameraların quraşdırılması və onun işlənməsinə nəzarəti Mərkəzi Seçki Komissiyası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə həyata keçirəcək: "Bütün seçkilərin avtomatlaşdırma sistemi artıq dekabrın 23-ü tarixinə hazırdır. Kameralar həmçinin kameralarla məntəqələr arasında optik şəbəkə sistemi tamamilə yoxlanılıb.  Məntəqələrdə və dairələrdə telefon və internet sistemi də yenilənib . Həmin gün xüsusiləşdirlmiş poçt sistemi də işləyəcək. Sistemin kiber təhlükəsizliyinə təminat sistemi də artıq yaradılıb".

 

Bu gün MSK-da dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində seçki məntəqələrində “veb-kamera”ların quraşdırılması ilə bağlı görüş keçirilib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı