AMEA prezidenti: "Təhsil proqramları müasir tələblərə cavab vermir"

“Alimlərin sosial müdafiəsi ilə bağlı məsələ hər kəsi narahat edir. Ağır və şərəfli zəhmət olan elmi əməyin stimullaşdırılması olduqca zəruridir”.

 

APA TV-nin xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə alimlərin I Qurultayında çıxışı zamanı deyib. Akademiya prezidenti bildirib ki, son illər alimlərin əmək haqlarının artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir: “Əminəm ki, bu sahədə tədbirlər bundan sonra da davam edəcək. Lakin bir məsələni diqqətə çatdırmaq istəyirəm ki, sosial müdafiə məsələlərinin həlli üçün yalnız büdcədən ayrılan vəsaitin artırılmasına ümid etmək doğru deyil. İlk növbədə elmi fəaliyyət sahəsində baza maliyyələşməsindən məqsədli elmi proqramların ünvanlı maliyyələşməsinə keçidlə bağlı ciddi addımlar atmaq lazımdır”.

 

Akif Əlizadə qeyd edib ki, alimlərin mənzil təminatı məsələsi də vacibdir. Əsas məqsədlərdən biri Azərbaycan alimləri üçün «Alimlər şəhərciyi» – “Science City” yaşayış kompleksi yaratmaqdır.

 

Bu gün təhsil proqramlarının müasir tələblərə tam cavab vermədiyini deyən AMEA prezidenti deyib ki, tələbələrin biliyini intensiv artırmaq üçün yeni texnologiyaların tədrisinə böyük ehtiyac yaranıb. Bu cür proqramlar elmlə təhsil arasında əlaqələndirici körpü rolunu oynaya bilər.

 

Müəllif | Apa.Tv