Azərbaycan Alimlərinin I Qurultayı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan Alimlərinin I Qurultayı keçirilib. APA TV-nin xəbərinə görə, AMEA, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadə, baş nazirin müavini Elçin Əfəndiyev, Dövlət müşaviri, akademik Kamal Abdullayev, AMEA prezidenti Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, respublika üzrə dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarında elmi fəaliyyətlə məşğul olan müəssisələrin səlahiyyətli nümayəndələri, həmçinin xarici ölkələrdə yaşayan nüfuzlu azərbaycanlı alimlər iştirak ediblər.

 

Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadə prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanlanan təbrik məktubunu oxuyub.

 

AMEA prezidenti, akademik Akif Əlizadə “Müasir dünyanın çağırışları və Azərbaycan elminin prioritetləri” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, elmin bu gün ən böyük problemi onun sürətlə qocalması və yüksək ixtisaslı gənc kadrların qıtlığıdır: “Bizə lazım olan mütəxəssisi artıq orta məktəb səviyyəsində itiririk, çünki gənclərin böyük qismi peşə seçimi problemi ilə rastlaşanda heç də öz gələcəyini elmlə və elmi fəaliyyətlə bağlamır. Biliklərə əsaslanan iqtisadiyyatı yaratmaq üçün tək dövlət yox, həm də müxtəlif biznes strukturları yeni biliklərin əldə olunması işinə dəstək və kömək göstərməlidir”.

 

İnnovativ inkişaf siyasəti “qızıl üçbucaq” adlandırılan üç sütunun insan resursu, əlverişli mühit və kapital üzərində qurulduğunu deyən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov hesab edir ki, Azərbaycan Milli Elmlər Akademiyasının böyük potensialı var, lakin innovativ məhsullar istehsal edən özəl sektor arasında əlaqə yoxdur: "İKT, nanotexnologiyalar, kosmik, mikroelektronika, nüvə, biotexnologiyalar və digər elm tutumlu sahələr üzrə kadr hazırlığı prioritet istiqamətlər hesab olunur. Elmin inkişafı üçün onun maddi-texniki və informasiya bazasının gücləndirilməsi, gənc alim və mütəxəssislərə dəstək, onların xarici ali məktəblərdə təcrübə keçməsi, birgə tədqiqatların aparılması və intellektual mülkiyyətin qurulması əsas şərtlərdən biridir".

 

Qurultay iştirakçıları adından prezident İlham Əliyevə müraciət ünvanlanıb, Bəyannamə qəbul olunub.

 

Müəllif | Apa.Tv