Mikayıl Cabbarov: "Ölkədə alimlərin yarısı təhsil sistemində çalışır"

“Bu gün Azərbaycanda alimlərin yarısı təhsil sistemində çalışır. Hazırda ölkədə 1267 elmlər doktorundan 939 nəfəri, 10444 fəlsəfə doktorundan 5011 nəfəri təhsil sistemində fəaliyyət göstərir”.

 

APA TV-nin xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan alimlərinin I Qurultayındakı çıxışında deyib. Onun sözlərinə görə, Təhsil Nazirliyi sistemində çalışan elmlər doktorlarının yaş həddinin təhlili göstərir ki, dövlət ali təhsil müəssisələrində 30 yaşa kimi elmlər doktoru yoxdur, 61 yaşdan yuxarı olanların sayı isə təxminən 63,9% təşkil edir: "Fəlsəfə doktorları üzrə göstəricilərə gəldikdə, onlardan 30 yaşa kimi olanların sayı 0,7%, 61 yaşdan yuxarı olanların sayı isə təxminən 18%-dir. Yaranmış vəziyyəti nəzərə alaraq, bir sıra tədbirlər görməyi nəzərdə tuturuq. Belə ki, ilk növbədə doktorantura təhsil səviyyəsində qanunvericiliyin formalaşdırılması və təkmilləşdirilməsi, o cümlədən doktoranturanın təşkili və onu məzmunu müəyyənləşdirən normativ hüquqi sənədlərin hazırlanması, təhsil proqramlarının hazırlanması və təsdiqi, doktorantura səviyyəsində təhsilin Boloniya prosesinə uyğunlaşdırılması və təhsilin keyfiyyətinin yüksəldilməsi, adambaşına maliyyələşmənin tətbiqi istiqamətində iş aparılır".

 

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə" Dövlət Proqramı çərçivəsində bu günə kimi 3184 nəfər xaricdə təhsil aldığını deyən nazir onu da bildirib ki, proqram çərçivəsində son 2 ildə seçilmiş 572 tələbədən 330 nəfər magistratura, 45 nəfər doktorantura, 65 nəfər dissertantura pilləsində təhsil almaq hüququ qazanıb.

 

Müəllif | Apa.Tv