İmişlidə bir gündə iki ev yandı

İmişlidə bir gün ərzində iki yanğın hadisəsi baş verib. APA TV-nin məlumatına görə, fərdi yaşayış evlərində qeydə alınan yanğınlar zamanı xəsarət  alan olmasa da, evlərə ciddi ziyan dəyib. İmişli rayonu Göbəktala kəndində Səhhət Məmmədova məxsus evdə yanğın baş verib. Evin mətbəxində başlayan yanğın qısa müddətdə güclənib. Hadisə zamanı evin dam örtüyü  və 40 kvadrat metr  sahəsi yanıb. Əraziyə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb  edilib. Alov söndürülüb evin 110 kvadrat metri və bir çox əşya yanğından xilas  edilib.

 

Digər yanğın hadisəsi isə İmişli rayon Qadir İsmayılzadə küçəsində baş verib. Həmin ünvanda yaşayan Rasim Cəfərova məxsus 2 mərtəbəli evdə  yanğın başlayıb. Hadisə vaxtı ev sahibinin birinci mərtəbədə  saxladığı  2700 ədəd toyuq yanaraq tələf olub. Hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, alovun ikinci mərtəbəyə keçməsinin qarşısı alınıb.

 

Hər iki hadisənin elektrik naqilindəki qısaqapanmadan baş verdiyi ehtimal  edilir. Hadisələrlə bağlı araşdırma  aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı