Xaldan-Mingəçevir yolunda qəza: sürücü diri-diri yandı

Xaldan-Mingəçevir yolunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yevlax rayon Polis Şöbəsindən APA TV-nin yerli bürosuna verilən məlumata görə, hadisə Xaldan-Mingəçevir yolunun 8-ci kilometrliyində qeydə alınıb. Şəki rayonu Kiçik Dəhnə kənd sakini, 1964-cü il təvəllüdlü İsmayılov Famil Möhtərəm oğlunun idarə “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn Mingəçevir sakini ,1958-ci il təvəllüdlü Süleymanov Zaman Süleyman oğluna məxsus “KamAZ”la toqquşub. Zərbənin təsiri nəticəsində hər iki avtomobil yoldan çıxaraq aşıb. “Mercedes” markalı minik maşınında qəflətən başlayan yanğın qısa vaxtda avtomobilin bütün hissələrini əhatə edib. Əraziyə FHN-nin Yevlax Dövlət Yanğından Mühafizə Hissəsinin maşınları və canlı qüvvəsi cəlb olunub. Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü Famil İsmayılov yanaraq ölüb. “KamAZ”ın sürücüsü Zaman Süleymanov yüngül bədən xəsarətləri ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Yevlax rayon Polis Şöbəsində araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov