"Kəlbəcər girovları"na hökm dekabrın 29-da oxunacaq

İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş qanunsuz məhkəmədə yekun qərar dekabrın 29-da veriləcək. APA-nın “news.am” saytına istinadən yaydığı xəbərə görə, bu barədə separatçı rejimin “birinci instansiya məhkəməsi”ndən bildiriblər. Qeyd edək ki, dekabrın 19-da keçirilən prosesdə çıxış edən “prokuror” Karen Qabrielyan Dilqəm Əsgərova ömürlük həbs cəzası tələb edib, Şahbaz Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. Həsən Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qondarma “məhkəmə” prosesi oktyabrın 27-də başlayıb.

Müəllif | Apa.Tv
Apa.tv