Masallıda Rusiyada yaşayan ailənin evi yanıb

Masallıda güclü yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə bu gün  səhər saat 05.30 radələrində rayonun Çayqırağı kənd sakini, 44 yaşlı Zirəddin Balaş oğlu Məmmədova məxsus ikimərtəbəli, 6 otaqlı fərdi yaşayış evində qeydə alınıb.  Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin  (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 360 kv.m olan ev içindəki məişət avadanlığı ilə birlikdə tamamilə yanıb. Qonşular ev sahibi Zirəddin Məmmədovun ailəsi ilə birlikdə hazırda Rusiyada yaşadığını bildiriblər. Yanğının başvermə səbəbləri bəlli deyil. 

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv