Roberto Karlos "Sivasspor"dan istefa verdi

Türkiyə Superliqasında mübarizə aparan "Sivasspor" futbol klubunun braziliyalı baş məşqçisi, əfsanəvi futbolçu Roberto Karlos istefa verib. APA TV-nin məlumatına görə, ölkə çempionatında bu il istədiyi nəticəni əldə edə bilməyən "Sivasspor" son oyunda öz meydanında "İstanbul Başakşəhər" klubuna 0:2 hesabı ilə məğlub olub və Roberto Karlos bu məğlubiyyətdən sonra vəzifəsini tərk edib.

 

Roberto Karlos "Sivasspor"un baç məşqçisi postuna ötən mövsümün əvvəlində gətirilmişdi. Onun rəhbərliyi ilə komanda ötən mövsümü 53 xalla 5-ci yerdə bitirmişdi. Bu mövsüm isə qırmızı-bəyazlı klub 14 oyundan cəmi 10 xal toplaya bilib və turnir cədvəlinin 17-ci pilləsindədir.

 

Braziliyalı baş məşqçi bildirib ki, vəzifəsində qalmaq və "Sivasspor"u layiq olduğu yerə gətirmək istərdi. Amma klub rəhbərliyi ilə keçirilən toplantıdan sonra istefasının komandaya daha faydalı ola biləcəyini düşünüb və qərarını verib.

 

Türkiyədən bəzi təkliflər aldığını deyən Roberto Karlos, əvvəlcə Braziliyaya qayıdacağını və ailəsinin yanında istirahət edəcəyini bildirib.  Onun sözlərinə görə, istirahətdən sonra Türkiyədən olan təklifləri dəyərləndirəcək.

 

Braziliyalı futbol ulduzu onu da deyib ki, "Sivasspor"un çoxsaylı azarkeşləri onun komandada qalmasını arzulayır: "Azarkeşlərdən getməməyimi istəyənlər, məni çox sevdiklərini bildirənlər var. Onlar da bilirlər ki, bu komanda üçün edə biləcəklərimin ən yaxşısını eləmişəm. Təbii ki, qalmağımı istəyirlər. Amma artıq qərar verilib. "Sivasspor"a uğurlar arzulayıram".

 

Əşyalarını toplayan və "Sivasspor"un bazasından ayrılan Roberto Karlos Sivası bu gün tərk edəcək.

 

Müəllif | Apa.Tv