Fransada "Allahu Əkbər" qışqıran sürücü maşını piyadaların üstünə sürüb

Fransanın Dijon şəhərində dəhşətli hadisə baş verib. APA TV-nin "Frans Press"ə istinadən verdiyi məlumata görə, "Allahu Əkbər" qışqıran sürücü maşını piyadaların üstünə sürüb, 11 nəfər xəsarət alıb. Yaralılardan 2-sinin vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Məlumata görə, avtomobili idarə edən 40 yaşlı kişidə psixi pozğunluq olub. Onun psixiatriya xəstəxanasına yerləşdiriləcəyi gözlənilir.

 

Fransa mətbuatının məlumatına görə, sürücü əvvəlcə şəhər meydanlarından birində gəzişən 4 nəfəri maşınla vurub. Bununla kifayətlənməyən 40 yaşlı sürücü daha sonra avtomobili üç cəhddə bir neçə piyadanın da üstünə sürüb.

 

Polis əməkdaşları sürücünü çətinliklə həbs ediblər. O, əvvəlcə qaçmağa nail olsa da, bir qədər sonra ələ keçirilib. Sürücünün saxlanılarkən "Fələstinli uşaqlar naminə" qışqırdığı bildirilir. Avtomobildə olan iki sərnişin isə hadisə yerindən qaçmağı bacarıb. Onlar barəsində axtarış elan edilib.

 

Fransanın baş naziri Manuel Vals hadisə nəticəsində zərər çəkənlərə "Twitter" vasitəsilə dəstəyini ifadə edib.

 

Müəllif | Apa.Tv