Bakıda polisin "Saxla!" əmrinə tabe olmayan sürücü qəza törətdi

Gecə Bakının Xətai rayonu ərazisində iki avtomobilin toqquşması xəsarətlə nəticələnib. APA TV-nin məlumatına görə, Yusif Səfərov küçəsindən Babək prospekti istiqamətində hərəkət edən "Daewoo" markalı avtomobillə "Toyota" markalı maşın toqquşub. Qəza nəticəsində "Toyota"nın sürücüsü xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Yaralı sürücüyə əvvəlcə hadisə yerində ilkin tibbi yardım göstərilib, daha sonra isə xəstəxanaya aparılıb.

 

Hadisənin baş verdiyi şəraitə gəlincə, qəzadan əvvəl "Daewoo" nun sürücüsü Yusif Səfərov küçəsində yol polisi əməkdaşının "Saxla!" əmrinə tabe olmayıb və Babək prospektinə doğru hərəkəti davam etdirib. Babək prospektindəki yol ötürücüsünün altında yerləşən dairədə onun qarşısına qayda pozan daha bir maşın çıxıb. "Toyota" markalı avtomobil dairəyə əks hərəkət istiqamətindən daxil olub və toqquşma baş verib.

 

"Daewoo"nun sürücüsünün yol polisi əməkdaşlarından qaçmasının səbəbi qəzadan sonra məlum olub. Taksi fəaliyyəti ilə məşğul olan Elgün Məmmədov sükan arxasına sərxoş vəziyyətdə əyləşibmiş. Bununla belə, o, iddia edir ki, qəzaya "Toyota"nın əks istiqamətdə hərəkət etməsi səbəb olub. "Daewoo"nun sürücüsü alkoqollu içki qəbul etdiyini də danmayıb: "Bəli, içkiliyəm. Çıxdı qabağıma, vurdum"

 

Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunub. Hadisə yerində ilkin araşdırmalardan sonra avtomobillər cərimə meydançasına aparılıb. Araşdırmaların yekununda hadisəyə hüquqi qiymət veriləcək.

 

Müəllif | Apa.Tv