Dumanlı hava Gəncədə qəzaya səbəb oldu
Örən gecə Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Ruzigar Qasımov küçəsinin kəsişməsində qeydə alınıb. Şəhər sakini Elçin Heydərovun idarə etdiyi "Mercedes" markalı avtomobil Heydər Əliyev prospekti ilə dəmiryolu vağzalı istiqamətində hərəkətdə olarkən İlkin Kərimova məxsus "VAZ-2106" ilə toqquşub. Zərbənin gücündən avtomobillər yararsız hala düşüb. Qəza nəticəsində hər iki avtomobildə olan sərnişinlər xəsarət alıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
İlkin ehtimala görə, qəzaya havanın dumanlı olması səbəb olub. Hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.