Aleksey Kudrin: “Rusiyada inflyasiya 15 faizdən aşağı olmayacaq”
Rusiya tam şəkildə iqtisadi böhran mərhələsinə daxil olur. Bu bəyanatla ölkənin sabiq maliyyə naziri Aleksey Kudrin çıxış edib. O gələn Rusiyada ümumi daxili məhsulun həcminin 2-4 faiz aşağı düşəcəyini bildirib. Kudrinin sözlərinə görə, 2015-ci ildə ölkədə inflyasiyanın səviyyəsi 15 faizdən az olmayacaq. Sabiq maliyyə naziri böhran səbəbilə ölkəyə xaricdən mal idxalının ən azı 40 faiz aşağı düşəcəyini deyib. Qeyd edək ki, hazırda Rusiyada rublun kursu 55-58 rubl/dollar nisbətində sabitləşməkdədir. Analitiklər həftə sonuna kimi rublun kursunda ciddi dəyişiklik olacağını gözləmir. Rublun kursunun sabitləşməsi Mərkəzi Bank və Maliyyə Nazirliyinin bazara müdaxiləsi ilə izah olunur. Dekabrda bu qurumlar tərəfindən satışa təxminən 17 milyard dollar çıxarılıb. Bank mütəxəssisləri bu vəsaitin həftə sonuna kimi rublun kursunu sabit saxlaya biləcəyini proqnozlaşdırılar.