Səlim Müslümov: “2020-ci ildə Azərbaycan əhalisinin sayı 10 milyonu keçəcək”

"2020-ci ildə Azərbaycan əhalisinin sayı təqribən 10,2 milyon nəfərə çatacaq ". APA TV-nin məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə, ölkə əhalisinin sayında 1,3 faizlik artım müşahidə olunur var. Lakin nazir son dövrlər ailədə 3, 4, 5-ci uşaqların doğulması hallarının aşağı düşdüyünü qeyd edib. 


“"Ötən il 172671 doğulan uşaqdan yalnız 756-sı 4, 5 və ya sonrakı uşaqlardır. Bu təqribən 0,44 faizdir və çox aşağı göstəricidir. Çünki keçmiş illərdə Azərbaycan cəmiyyəti üçün uşaqların sayının çox olması daha xarakterik idi. Yüksək iqtisadi inkişaf Azərbaycan parametrlərinin tədricən Avropaya yaxınlaşmasına səbəb olur".

Səlim Müslümov nikahların sayının artması üçün hətta subaylara ipoteka kreditlərinin verilməsi məsələsinin müzakirə edildiyini deyib. Onun sözlərinə görə, bir çox hallarda subay insanlar evləri olmadığı üçün evlənmirlər. 

“İkinci tərəfdən gənc ailələr üçün sosial ipotekanın verilməsi məsələləri var. Əksinə düşünürəm ki, gənclər ailə qurub dərhal ipoteka krediti ala bilər. Müəyyən qədər nəzərdən keçirilməlidir ki, hansı məsələ daha çox rola malikdir. Bəlkə ipotekanın gənc ailələrə verilməsi subayları təhrik edəcək ki, evlənib ipoteka alsınlar”. 

Sosial xidmət müəssisələrində fəaliyyət göstərən sosial işçilərin maaşlarının azlığı məsələsinə gəlincə Səlim Müslümov onların əməklərinin ağır və ya xüsusilə ağır əmək növlərinə aid edilməsi barədə hökumətə müraciət edəcəklərini deyib.

Nazirlikdə qeyri-hökumət təşkilatları ilə birlikdə 2015-2025-ci illəri əhatə edən "Əhali sakinliyi və demoqrafik inkişaf üzrə dövlət proqramı" müzakirə olunub. Tədbirdə prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının idarə heyətinin üzvləri iştirak edib. Səlim Müslümov müzakirələr və digər təkliflərin nəticələrinin əlavə edildiyi yekun layihənin yaxın vaxtlarda Nazirlər Kabinetinə göndəriləcəyini bildirib. 
 

Müəllif | Apa.Tv