5 rayonda TSEK-lərin yeni binası istifadəyə verilib
Azərbaycanın 5 rayonunda TSEK-lərin yeni binaları istifadəyə verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) müasir tələblərə uyğun iş şəraiti və tibbi avadanlıqla təmin olunması işləri davam etdirilir. Son yarım il ərzində nazirliyin artıq 14 bölgə üzrə TSEK-ləri müasir iş şəraiti olan yeni inzibati binalar və tibbi-sosial ekspertiza üçün lazımi avadanlıqla təmin edilib. APA TV-nin məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Goranboy, Samux rayonları və Naftalan şəhəri üzrə 24 saylı, Göygöl və Daşkəsən rayonları üzrə 26 saylı TSEK-lər üçün yeni inzibati binaların istifadəyə verilməsi münasibətilə keçirilən tədbirlərdə məlumat verib. Nazir müavini bildirib ki, qeyd olunan 14 TSEK, ümumilikdə 25 rayonun əhalisinə tibbi-sosial ekspertiza xidməti göstərir. Bu komissiyaların iş şəraitinin müasir tələblərə uyğun qurulması əməkdaşların normal əmək fəaliyyətində işləməsi ilə yanaşı, həmin rayonların əhalisinə daha keyfiyyətli xidmətlərin göstərilməsinə yönəlib. Qeyd olunan TSEK-lərin əməkdaşlarının fəaliyyəti, həmçinin vətəndaşlara tibbi-sosial ekspertiza xidmətinin göstərilməsi, əlillik müayinələrinin aparılması üçün yaradılmış şəraitə, yeni avadanlığa baxış olub.