Yeni şəxsiyyət vəsiqələri necə olacaq?

Hazırda ölkədə istifadə olunan şəxsiyyət vəsiqələri 1994-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna əsasən, tətbiq edilir. Texnologiyanın inkişafı, tanıma cihazlarının, informasiya oxuyan vasitələrin yaradılması, həmçinin cihaz tərəfindən oxuna bilən elektron informasiya çeşidlərinin artması elektronlaşan ictimai vasitələr sırasına şəxsiyyət vəsiqəsinin də əlavə edilməsinə zərurət yaradıb. 2015-ci ilin dekabrın 1-dən köhnə şəxsiyyət vəsiqəsi ilə vidalaşaraq, yeni nəsil şəxsiyyət vəsiqələrindən istifadə edə biləcəyik.

 

APA TV-nin xəbərinə görə, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN)nin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov deyir ki, həmin kartlara iki sertifikat yazılacaq: "Artıq vətəndaşların cibində olan bu ID kartlarında elektron imza sertifikatları olacaq. Vətəndaşlar istənilən elektron xidmətdən istifadə etmək üçün bu kartları kart-readerə daxil etməklə xidmətdən istifadə edə biləcəklər. Altentivikasiya sertifikatının tərkibində vətəndaşın unikal ID-si var. Bunun vasitəsi ilə bütün dövlət qurumlarında vətəndaşa aid istənilən məlumatı ID kart vasitəsi ilə gətirmək olur".

 

Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək. Ölçülər baxımından kiçik olmasına baxmayaraq, özündə vacib məlumatları daşıyacaq vəsiqələr vasitəsi ilə vətəndaş elektron xidmətlərdən yararlanacaq: "Şəxsiyyət vəsiqələrinə elektron imza sertifikatlarının yazılması Rabitə və Yüksək Texnologiyaları Nazirliyi tərəfindən təşəbbüs olaraq irəli sürüldü. İl yarımdan artıqdır ki, texniki formalar müzakirə edildi, aidiyyəti qurumlarla məsələnin müzakirəsi də vaxt aldı və nəhayət, qərara gəlindi. Vətəndaş şəxsiyyət vəsiqəsini almaq üçün ödədiyi rüsum daxilində elektron imzasını almış olacaq. Sərhəd qurumlarına və buraxılış məntəqələrinə də tapşırıqlar verilib. Ola bilsin, gələcəkdə müxtəlif məsələlər həllini tapdıqdan sonra bu vəsiqələrlə xaricə getmək mümkün olsun".

 

Qeyd edək ki, prezident İlham Əliyev vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi sahəsində aparılan işlərin sürətləndirilməsi və ölkədə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi məqsədi sərəncam imzalayıb. Sərəncama əsasən, 2015-ci ilin dekabrın 1-dək aidiyyəti dövlət orqanlarına işləri yekunlaşdırmaq üçün tapşırıq verilib.

 

Müəllif | Apa.Tv