Azərbaycan prezidenti idmançıların mükafatlandırılması mərasiminə qatılıb

Dekabrın 22-də Milli Olimpiya Komitəsində 2014-cü ilə yekun vurulub, idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub. Mərasimdə Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev də iştirak edib. Dövlət başçısı çıxışında bildirib ki, artıq ənənəyə çevrilən bu görüşlər ölkədə idman sahəsində aparılan siyasətinin təcəssümüdür. Bu il keçirilən yarışlarda idmançılarımız 805 medal qazanıblar. Bunların da 275-i qızıl medaldır. 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa oyunlarının yüksək səviyyədə baş tutacağına əminliyini ifadə edən prezident İlham Əliyev artıq hazırlıq işlərinin son mərhələdə olduğunu, işlərin yüksək keyfiyyətlə və qrafiklə aparıldığını diqqətə çatdırıb: "Bu oyunların keçirilməsi eyni zamanda ölkəmizin gücünü göstərir. Çünki ancaq güclü dövlətlər belə böyük idman tədbirlərini keçirə bilər. Azərbaycan da güclü dövlətdir. Son illərdə aparılan islahatlar, görülən işlər nəticəsində ölkəmiz gücləndi. Güclü iqtisadiyyata malikdir. Siyasi proseslər müsbət istiqamətdə gedir. Beynəlxalq aləmdə Azərbaycan çox böyük hörmətə malik olan bir ölkədir. İdmana rəhbərlik edən vəzifəli şəxslər Azərbaycanın uğurlarından danışır. Bu oyunlar bizə imkan verəcək ki, biz Azərbaycanı olduğu kimi dünyaya tanıdaq. Bir daha göstərək ki, gənc, müstəqil Azərbaycan böyük uğurlara imza atır, dünyaya açıqdır. Ölkəmiz müasirdir, eyni zamanda tarixi-mədəni köklərə bağlıdır. Ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin edilir. Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. Beləliklə Azərbaycan dünyaya öz imkanlarını bir daha göstərəcək". 

 

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, ölkəmizin idman uğurları gələn il də təmin olunacaq. Sonra 2014-cü ildə uğurlar qazanmış idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub. 

Müəllif | Apa.Tv
Apa.tv