Əli Həsənov: "Ordumuz ən qısa zamanda ərazi bütövlüyümüzü təmin etmək imkanına malikdir"
Azərbaycan Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə “Gənclər təşkilatları: yeni imkanlar və müasir çağırşçılar” mövzusunda tədbir keçirilib.
APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, hər bir fəaliyyət dövlətin, xalqın maraqlarına xidmət etməlidir. Gənclər Fonduna müraciətlərin artması, 3 il ərzində 1865 layihəyə vəsaitin ayrılması, habelə maliyyələşmə ilə bağlı istiqamətlərin genişlənməsi görülən işin effektivliyindən, ictimai dəyərindən xəbər verir.
Ə. Həsənov bildirib ki, Azərbaycanda xalqlar, millətlər və etnik qruplar arasında sivil birgəyaşayışın nümunəvi modeli formalaşıb, ölkəmiz tolerantlıq məkanı kimi bütün dünyada ad qazanıb. Dövlətin həyata keçirdiyi siyasət xalqın maraqlarına xidmət edir və hər bir vətəndaş bu siyasətdən bəhrələnə bilir. Artıq Azərbaycanın güclü ordusu formalaşıb və bu ordu ən qısa zamanda ölkəmizin ərazi bütövlüyünü təmin etmək imkanına malikdir.
Ə. Həsənov qeyd edib ki, dövlətin gənclər siyasəti ilə öyünmək üçün kifayət qədər əsas var. “Gənclik sağlam formalaşdırılıbsa, dövlət bu istiqamətdə düşünülmüş siyasət yürüdübsə və qarşısında duran vəzifələri tam məsuliyyətlə yerinə yetiribsə, o dövlətin gələcəyi var. Azərbaycan dövləti öz gənclər siyasətini mükəmməl proqram əsasında həyata keçirir" deyə o bildirib. Onun sözlərinə görə, 3 il az müddət olsa da, Gənclər Fondunun fəaliyyətini uğurlu hesab etmək olar.
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev isə bildirib ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti dünya üçün bir örnəkdir və bu, dünyada etiraf olunmaqdadır.