Şəkidə çövkən milli oyunu üzrə final yarışı keçirilib
Şəkidə keçirilən Prezident Kuboku uğrunda 9-cu çövkən milli oyunu üzrə yarışlar başa çatıb. APA TV-nin məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarşlarda respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən 16 komanda mübarizə aparıb. Final görüşündə Bakının “Kövsər” və “Sərhədçi” komandaları üz-üzə gəlib. Sərhədçilər “Kövsər”i 4: 0 məğlub edərək Prezident Kuboku uğrunda yarışın qalibi olublar. Yarışlarda iştirakçılar Çövkən Milli Oyunu ilə yanaşı, Papaq, Sürpapaq, Yaylıq və Atüstü güləş oyunlarında da qüvvələrini sınayıb. Nəticələrə görə, Papaq oyunu üzrə 1-ci yerə Oğuz komandası, Sürpapaq oyunu üzrə 1-ci yerə Balakən komandası, Yaylıq oyunu üzrə 1-ci yerə Qəbələ komandası layiq görülüb.
Bütün növ yarışlar üzrə fərqlənən komandalara Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatları təqdim olunub.