Göyçayda iş adamının qatili tutulub
Göyçay rayonunda 4 ay əvvəl törədilən qətlin üstü açılıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, bu ilin avqustunda rayonun Alpoud kənd sakini, 1958-ci il təvəllüdlü Abbasov Sahib Sabir oğlunu öldürən şəxs tutulub. Məlum olub ki, hadisəni Bəydövül kənd sakini, 1956-cı il təvəllüdlü Xudiyev Ələsgər Xudu oğlu törədib. Ələsgər Xudiyev həyat yoldaşı ilə birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olan mərhum Sahib Abbasovun Alpoud kəndindəki çörək sexində işlədiyini və hadisədən 4 gün əvvəl işdən çıxarıldıqlarını bildirib. Ələsgər Xudiyev əmək haqqını almaq üçün çörək sexinə getdiyini və müdiri Sahib Abbasovun onu təhqir etdiyini bildirib. O, ov tüfəngi ilə avqustun 14-də axşam saatlarında Sahib Abbasovu öldürdüyünü bildirib.
Qeyd edək ki, sahibkarın meyiti Alpoud kəndində yolun kənarındakı elektrik transformatorunun yanından tapılıb. Faktla bağlı Göyçay rayon Prokurorluğunda cinayət işi başlanıb.