Şeyx: "Qərb dövlətləri İslama qarşı açıq mübarizə aparır"

“Bu gün Qərb dövlətləri İslama qarşı açıq mübarizə aparır. Yaxın Şərqdə təfkirçilər vasitəsilə İslam adı altında müsəlmanları qırır. Bu, ən böyük cinayətdir”.

 

APA TV-nin xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib: "Həmin dövlətlərin əlaltılarına çevrilən məzhəblərə qarşı mübarizə gücləndirilməlidir: Bu yaxınlarda “Qələm” mətbəəsinin vəhhabilik barəsində bir nəşri işıq üzü gördü. Orada kənar məzhəblərin İslama vurduğu zərbələr aydın izah olunur”.

 

Şeyx bu yaxınlarda İranda radikalizmə qarşı keçirilən konfransı xatırladaraq, İran və Türkiyənin tədbirdə iştirak edən nümayəndələrinə təkliflər verdiyini bildirib. Allahşükür Paşazadə hesab edir ki, Azərbaycan müsəlmanları öz enerjilərini bəzi qüvvələrin təhrikinə gedərək məzhəblərarası mübarizəyə yox, ümummilli problem olan Qarabağa, işğal olunmuş torpaqların geri qaytarılmasına sərf etməlidirlər. O bildirib ki, Azərbaycanda vicdan azadlığı və dini dəyərlərin qorunması dövlətin nəzarəti altındadır və ölkə başçısı yüksək səviyyədə bütün dinlərə, bütün həqiqi islami məzhəblərə (sünni və şiə) qayğı göstərir: “Biz müsəlmanlar bundan istifadə edib bir-bizimizə qarşı yox, ümumi düşmənimizə - Qarabağımızı bizdən alana qarşı birləşməliyik. Əslində islamda yalnız iki məzhəb – sünni və şiə məzhəbi var ki, Azərbaycanda da əzəldən hər iki məzhəbin mənsubları mehriban və rahat şəkildə yaşayır. Peyğəmbərimiz hər iki məzhəbin peyğəmbəri olub və biz ən azı ona hörmət xətrinə qardaşlığımızı unutmamalıyıq”.

 

Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Həzrəti Məhəmməd Peyğəmbərin (s) vəfatının ildönümü ilə bağlı tədbir keçirilib.

 

Tədbirin sonunda Allahşükür Paşazadə dindarları bələdiyyə seçkilərində iştirak etməyə çağırıb.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı