Məzahir Pənahov: “Sabah 5015 məntəqədə seçki keçiriləcək”

“Sabah bələdiyyə seçkiləri 5015 məntəqədə keçiriləcək. Bu məntəqələrin 128-i müvəqqəti yaradılıb”.

 

APA TV-nin məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənaho söyləyib. Onun sözlərinə görə, 37 077 nəfər bələdiyyə üzvlüyünə namizədlər var. Seçkilərdə 8 siyasi partiyanın namizədləri ilə iştirak edəcəklər. Partiya mənsubiyyəti nəzərə alınsa, ümumiyyətlə, 30 partiyanın üzvləri seçkilərdə iştirak edirlər.

 

KİV nümayəndələrinin pozuntu hallarına reaksiya verməsini, seçki komissiyalarını bu barədə məlumatlandırmasını zəruri sayan MSK sədrinin sözlərinə görə, məntəqələr bələdiyyələrin taleyini həll edir. Səsvermənin 50 min 551 müşahidəçi tərəfindən izlənəcəyini açıqlayan Məzahir Pənahov 1000 məntəqədə - məntəqələrin 20 faizində veb-kameralar quraşdırıldığını nəzərə çatdırıb.

O, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinə bələdiyyə seçkilərində müşahidəçilər göndərilməsi üçün noyabr ayında rəsmi müraciət edilməsinə baxmayaraq, onların gəlməyəcəyini bildirib.

Qeyd edək ki, 2014-cü il dekabrın 23-də 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçiriləcək. Bələdiyyə seçkilərində 15035 bələdiyyə üzvü seçiləcək. Seçki Məcəlləsinin 8.2. maddəsinə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Seçki Məcəlləsinin bu tələbinə əsasən, dekabrın 23-də Azərbaycan ərazisində qeyri-iş günüdür.

Müəllif | Apa.Tv