İmişlidə toya hazırlaşan ailənin evi yanıb
İmişlidə fərdi yaşayış evi yanıb. Yaxın günlərdə toya hazırlaşan ailə gözləmədiyi halla üzləşib. Ev sakinləri son anda özlərini xilas edə bilsə də, ev içindəki əşyaları ilə birlikdə yanıb.
APA TV-nin xəbərinə görə, yanğın hadisəsi rayon mərkəzindən 20 km kənarda yerləşən Məzrəli kəndində qeydə alınıb. Kənd sakini Nasir Abışova məxsus evin bir otağında başlayan yanğın anidən genişlənib. Alov qısa müddətdə digər otağa keçib. Hadisə zamanı ümumi sahəsi 180 kvadrat metr olan evin 60 kvadrat metri, o cümlədən 2 otaqda olan əşyalar yanıb. Hadisə yerinə İmişli Rayon Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğın söndürülüb evin qalan hissəsi və bəzi əşyaları alovdan xilas edilib. Hadisənin elektrik naqilindəki baş verən qısa qapanmadan baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.