Binəqədidə zəncirvari qəza törədən sərxoş sürücü polisə xəsarət yetirdi

Ötən gecə paytaxtın Binəqədi rayonunda avtoxuliqanlıq edən şəxs zəncirvari yol qəzası törədib. APA TV-nin məlumatına görə, hələlik kimliyi məlum olmayan “Mercedes" markalı avtomobilin sürücüsü Eldar Babayev  küçəsi ilə hərəkətdə olarkən "Giriş qadağandır" nişanının tələbini pozaraq, hərəkətini davam etdirib. Bu zaman yol polisi yüksək sürətlə hərəkət edən maşını bir neçə dəfə saxlamağa cəhd etsə də, sürücü qarşı yola çıxaraq, təqibdən yaxa qurtarıb. Yol boyu bir neçə dəfə təhlükəli vəziyyət yaradan  avtoxuliqan Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yerləşən körpünün altında idarəetməni itirib. O, maşını işıqforun qırmızı işığında dayanan Vüsal Tağıyevə məxsus “Nissan”a, daha sonra İmran Cəfərova məxsus “Hyundai"yə  çırpıb. Yol polisləri dərhal ərazidə süni tıxac yaradaraq, avtomaşını saxlamağa müvəffəq olublar. Yol patrul xidmətinin inspektoru Azər Musayev maşından düşürtmək istədiyi içkili sürücü ona xəsarət yetirərək hadisə yerindən qaçıb. Əraziyə Dövlət  Yol Polisinin bir neçə patrul maşını və təcili yardım briqadası cəlb olunub. Yaralıya hadisə yerində ilkin tibbi yardım göstərilib. Polis qəza törədərək hadisə yerindən qaçan avtoxuliqanın axtarışlarına başlayıb.

Müəllif | Apa.Tv