Məzahir Pənahov: "Əminəm ki, seçici fəallığı təmin ediləcək"

Seçkilər 50 mindən artıq müşahidəçi tərəfindən izləniləcək. Onlar həm yerli, həm də beynəlxalq müşahidəçilərdir".

APA TV-nin xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, bələdiyyə seçkilərində 37 077 namizəd qeydə alınıb. Səsvermə 5015 məntəqədə həyata keçiriləcək. Bu məntəqələrdən 4887-si daimi, 128-i isə müvəqqəti yaradılan məntəqədir: "Seçkilərdə şəffaflığı təmin etmək üçün seçki məntəqələrində veb-kameralar quraşdırılıb. Bu veb-kameralar seçkini fasiləsiz olaraq izləyəcək və dünyanın istənilən bir yerindən MSK-nın saytına girməklə seçkiləri müşahidə edə bilərlər". 

Vətəndaşların səs verməsi üçün lazım olan bütün şəraitin yaradıldığını deyən MSK sədri əmin olduğunu bildirib ki, seçicilər seçkilərə məsuliyyətlə yanaşacaq və seçici fəallığı təmin ediləcək.

Məzahir Pənahov əlavə edib ki, gün ərzində 5 dəfə - saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da seçicilərin səsvermədə iştirakı ilə bağlı məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilən seçkilərdə 15035 bələdiyyə üzvü seçiləcək.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı