Almaniyada müsəlmanlara qarşı nümayiş keçirilib
Almaniyanın Drezden şəhərində müsəlmanlara və miqrantlara qarşı aksiya keçirilib. Aksiyanı "Qərbin İslamlaşmasına Qarşı Vətənsevər Avropalılar" (PEGİDA) adlı hərəkət təşkil edib. Şəhərin mərkəzindəki Saksoniya Drezden Dövlət Operası binasının qarşısında keçirilən aksiyada iştirakçılar Almaniya kansleri Angela Merkelin miqrant siyasətini pisləyib, əllərində müsəlmanlara və miqrantlara qarşı plakatlar tutublar. Drezden polisi etirazçıların 17.500 nəfərə qədər olduğu bildirib. Ötən həftə keçirilən aksiyada 15 min insan iştirak etmişdi. Bu, etirazçıların sayının artdığını göstərir. Aksiyada Milliyyətçi Demokratik Partiyanın üzvlərinin də iştirak etdiyi qeyd olunur. 200 polis asayişi qoruyub.
APA TV-nin xəbərinə görə, Drezdendə PEGİDA-ya qarşı etirazlar da keçirilib. "Nasistlərsiz bir Drezden" təşəbbüs qrupu tərəfindən keçirilən aksiya şəhərin Şlosplaç meydanında baş tutub. "Bizim mədəniyyətimiz yanımızdakı insanı sevmək", "İrqçiliyə və fanatizmə qarşı" yazılan plakatlar qaldırılan nümayişdə 4 min insan iştirak edib.
Almaniyanın Münhen şəhərində də 12 min insan PEGİDA-ya qarşı yürüş keçirib.