Dmitri Medvedyev: “...Ukrayna Rusiyanın potensial düşməni siyahısına daxil ediləcək”

Ukrayna Ali Radası ölkənin bloklara qoşulmamaq statusunun ləğv edilməsi və NATO-ya inteqrasiya siyasəti yürütməsinə dair qanun layihəsini qəbul etməyə hazırlaşır. APA TV-nin məlumatına görə, prezident Poroşenko deputatları bu qanun layihəsini dəstəkləməyə çağırıb. Qeyd edək ki, qanun layihəsinin müəllifi prezident Poroşenko özüdür. O, Ukraynanın bloklara qoşulmaqdan imtina qərarını sabiq rəhbərliyin ən böyük səhvi adlandırıb və bildirib ki, irəli sürdüyü qanun layihəsi cəmiyyətin avroatlantik məkana inteqrasiya prosesini bərpa niyyətini ifadə edir. Parlamentin müvafiq komitəsi artıq qanun layihəsini dəstəkləyib. Komitə üzvləri bildiriblər ki, Poroşenkonun təklifi Ukraynanın milli maraqlarına və dövlət siyasətinə tam cavab verir. “Batkivşina” lideri Yuliya Timoşenko da prezidentin təşəbbüsünü dəstəklədiyini açıqlayıb.

 

Ukraynanın NATO-ya inteqrasiya kursunu bərpa etməsinə ilk sərt reaksiya Rusiyadan gəlib. Rusiyanın baş naziri Dmitri Medvedyev bildirib ki, bu addım atılarsa, Ukrayna Rusiyanın “potensial düşməni” kimi təsnif olunacaq. Medvedyev Ali Radanın qəbul edəcəyi qanun layihəsini NATO-ya üzvlük barədə ərizə kimi xarakterizə edib. Baş nazir qeyd edib ki, Birləşmiş Ştatların tətbiq etdiyi sanksiyaların və Ali Radanın müzakirəyə çıxaracağı qanun layihənin nəticələri Ukrayna üçün neqativ nəticələr verə bilər. 

 

Müəllif | Apa.Tv
Apa.tv