Prezident İlham Əliyev “Baku Sport City”də görülən işlərlə tanış olub
Dekabrın 23-də Azərbaycan prezidenti İlham Əliyev, xanımı, “Bakı 2015” Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ailə üzvləri ilə birlikdə “Baku Sport City”də, Su İdmanı Sarayında və Dövlət Bayrağı Meydanının ərazisində həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olublar.
“Baku Sport City” ərazisində su polosu, çimərlik voleybolu və futbolu, basketbol yarışları üçün qurğular inşa edilir. Ərazidə, eyni zamanda, iclas və konfrans zalları, mətbuat üçün çəkiliş sahəsi, eləcə də avtomobil dayanacağı və digər xidmət sahələrinin də yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, dövlət başçısı Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədilə 2012-ci il avqustun 30-da Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsi haqqında Sərəncam imzalayıb. Altı hektar ərazidə tikinti işləri yüksək sürət və keyfiyyətlə aparılır. Ümumi sahəsi 66 min kvadratmetr olan Su İdmanı Sarayı Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir. Burada 3 üzgüçülük hovuzu olacaq. Uzunluğu 50, eni 25 metr olacaq hovuz yarışlar üçün nəzərdə tutulub. İkinci hovuzda isə məşqlər keçiriləcək.
“Baku Sport City”də həyata keçirilən inşaat işlərinin gedişi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanı ərazisinə gəliblər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva meydanın ətrafında yaradılan yeni mədəniyyət və incəsənət obyektləri, o cümlədən sərgi salonlarında aparılan tikinti işlərinə baxıblar, ictimai yerlər və xiyabanlar, insanların rahatlığı və istirahəti üçün yaradılan gəzinti yerlərində yenidənqurma və təmir işlərinin gedişi ilə tanış olublar.
Dövlət başçısı görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verib.