Prezident İlham Əliyev Ziya Bünyadov prospektinin açılışına qatılıb

Prezident İlham Əliyev Bakının Ziya Bünyadov prospektinin yenidən qurulmasından sonra açılışında iştirak edib.

 

Dövlət başçısı prospektin yenidən qurulması layihəsi əsasında yolun hazırkı texniki göstəricilərini əks etdirən stendə baxıb. Nəqliyyat naziri Ziya Məmmədov həyata keçirilən yenidənqurma işləri barədə məlumat verib.

 

Ziya Bünyadov prospektinin təmir və yenidənqurma işlərinə ötən ilin may ayında başlanılıb. Bu yol “Koroğlu” qovşağı ilə “Qələbə” dairəsini birbaşa birləşdirəcək. On iki zolaqdan ibarət olan prospekt boyu 11 yol qovşağı mövcuddur. Tunel və körpülərdən ibarət olan yol qovşaqları nəqliyyatın hərəkətinin intensivliyinin təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir. Tunel tipli qovşaqların dördünün tikintisi prospektin yenidən qurulması işləri ilə bərabər həyata keçirilib. Bu işlər görülən zaman “Çermet” adlandırılan altızolaqlı körpü də tamamilə yenidən qurulub. Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində nəqliyyatın hərəkətinin sıxlığının aradan qaldırılması məqsədilə altızolaqlı yeni körpü də inşa olunub. Layihəyə uyğun olaraq prospekt boyunca piyadaların təhlükəsiz hərəkəti üçün 5 piyada keçidi də inşa edilib.

 

Dövlət başçısı yolun açılışını bildirən lenti kəsib.

Müəllif | Apa.Tv
Apa.tv