Məzahir Pənahov: "Bələdiyyə seçkisi baş tutub"
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dekabrın 24-ünə keçən gecə bələdiyyə seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. APA TV-nin məlumatına görə, MSK sədri deyib ki, müşahidəçilər həm səsvermə, həm də səslərin sayılması prosesini izləyiblər. MSK sədri bələdiyyə seçkisinin baş tutduğunu bildirib: "Saat 19.00-da məntəqələr bağlanarkən səsvermədə iştirak etmiş seçicilərin sayı 1 876 014 nəfəri, yəni seçicilərin 38,93 faizini təşkil edib. Hesab edirəm ki, bu, kifayət qədər yüksək göstəricidir".
Məzahir Pənahov seçkinin ilkin nəticələrini də açıqlayıb. Onun sözlərinə görə, 105 seçki dairəsindən 3509 protokol daxil olub: "Ümumi bələdiyyələri 78,78 faizindən, yəni, 1266-dan məlumatlar daxil olub. Bu məlumatlar əsasında 1024 bələdiyyə formalaşmış sayıla bilər. Lider namizədlərin ümumi sayı 11 926 nəfərdir. Bu, seçiləcək namizədlərin ümumi sayının 79,32 faizini təşkil edir".
MSK sədri qeyd edib ki, 20 gün müddətində şikayətlər olmasa, seçki prosesinə yekun vurulacaq.
Məzahir Pənahov sosial şəbəkələrdə Bakıdakı seçki məntəqələrindən birində seçki pozuntusu iddiası ilə yayılan videogörüntülərə də münasibət bildirib. O, deyib ki, bu cür xoşagəlməz hallardan heç kim sığortalanmayıb, hətta, dünyanın ən sivil ölkələrində də bu cür hallar müşahidə olunur. Ona görə də bunu qeyri-adi məlumat kimi ictimaiyyətə təqdim etmək düzgün deyil: "Bəzən elə hal olur ki, seçicilərin sayı çox olur, komissiya üzvlərinin diqqəti yayındırılır. Bundan istifadə edib qutuya bir neçə bülleten atıla bilər. Bu, elə bir hadisə deyil ki, mümkün olmadığını deyəsən. İstənilən məntəqədə bu işi görmək olar. Amma seçki komissiyasının hər hansı günahı varsa, təbii ki, MSK onları cəzalandıracaq".
Qeyd edək ki, dekabrın 23-də bələdiyyə seçkiləri Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 5015 seçki məntəqəsində 1607 bələdiyyəyə keçirilib. Seçkilərdə 30 partiyanın üzvləri iştirak ediblər.