Bakıda avtobuslarda gediş haqqı qalxa bilər - RƏSMİ
Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar paytaxta gətirilən yeni avtobuslar sərnişinlərin xidmətinə verilib. 25 ədəd Türkiyə istehsalı olan “Isuzu” markalı avtobus 65 saylı xətt marşrutu üzrə hərəkət edir.
APA TV-nin xəbərinə görə, digər 25 ədəd avtobus isə yaxın günlərdə 61 saylı marşrut üzrə xəttə buraxılacaq. Müasir standartlara cavab verən nəqliyyat vasitələri 5 il müddətinə lizinqlə alınıb. Bir avtobusun dəyəri 150 min avro təşkil edir. Avtobusları Azərbaycana gətirən özəl şirkət ümumilikdə 200 avtobusun gətirilməsini nəzərdə tutur. Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov bildirib ki, bu avtobuslarda işləmək üçün nümunəvi sürücülər seçilib: "Həmin sürücülərlə tədris kurs kombinatında bir daha maarifləndirmə işi aparılıb. Hamısı "D" kateqoriyalı sürücüdür. 5 ildən artıq təcrübəsi olan insanlar işləyəcək".
Əmrah Cəfərov bildirib ki, gediş haqqı ilə bağlı Tarif Şurasına müraciət olunacaq: "Gediş qiymətinə gəldikdə isə Tarif Şurasına müraciət olunacaq. Bu maşınların hər biri böyük vəsait hesabına alınıb. 20 qəpik yəqin ki, özünü doğrultmayacaq".