Uşaq oğurluğunda təqsirləndirilən qadın: "Körpəni mənə anası satıb"

Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı uşağın oğurlamaqda təqsirli bilinən Xırda Babayevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs, zərərçəkmişlər və şahidlər ifadə verib. Prosesdə ifadə verən polis əməkdaşları əməliyyatın keçirilməsi barədə danışıblar. Onlar qeyd ediblər ki, əməliyyatın keçirilməsi ilə bağlı Xırda Babayevanın yaşadığı mənzilə gəliblər. Mənzili açan qadın onları içəri buraxmaq istəməyib, amma məcbur içəri giriblər. Uşağı həmin mənzilin yataq otağında tapıblar.

 

Şahid qismində ifadə verən Anar Yusifov bildirib ki, qucağında uşaq olan bir qadını Sumqayıtdan Bakıya gətirib. Həmin qadın avtomobildən tələm-tələsik düşüb.
 

Xırda Babayeva isə ittihamlarla razılaşmayıb, bildirib ki, uşağın anası ilə parkda tanış olub. Həmin qadın uşağına baxa bilmədiyini deyib, uşağı pul müqabilində ona satıb.

 
Məhkəmə iclası yanvarın 7-də davam edəcək.

 

APA TV-nin xəbərinə görə, bu ilin avqustunda Sumqayıt sakini Aysel Əhmədova 2 aylıq qızı Aylinin tanımadığı qadın tərəfindən oğurlanması barədə polisə müraciət edib. Cinayəti törətməkdə şübhəli bilinən Bakı sakini Xırda Babayeva sentyabrın 3-də tutulub.

 

Xırda Babayeva ilkin ifadəsində övladı olmadığı üçün bu addımı atdığını demişdi.

 

Xatırladaq ki, 3 uşağı olan Aysel Əhmədova bu yaxınlarda böyük övladını uşaq evinə verib.

 

Müəllif | Apa.Tv