Masallıda məscid yanıb
Masallı rayonunda yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumaqtına görə, hadisə bu gün səhər saatlarında rayonun Bədəlan kənd məscidində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri ilə yanğın lokallaşdırılıb.
Hadisə nəticəsində ümumi sahəsi 204 kvadratmetr olan məscidin 120 kv.metrlik ərazisi içindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb.
İlkin versiya kimi yanğının qaz sobasından başladığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.