Nazir: “Azərbaycanda sürüşmə zonaları aktivləşməyib”
“Azərbaycanda sürüşmə zonaları aktivləşməyib”.
APA TV-nin xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında deyib. Nazirin sözlərinə görə, sürüşmə zonaları adətən payız aylarında daha aktiv olur “İlk yağışdan dayanıqlılığını itirmiş ərazilərdə belə hallara rast gəlmək olur, bu, yeni hal və yeni problem deyil. Əsasən, tikinti və qazıntı işləri aparan şəxslər texnogen, antropogen və ərazi xüsusiyyətlərini nəzərə almalıdırlar. Bu hallar 90 faiz Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə məsləhətləşmədən aparılır, nəticədə sürüşmə aktivləşir. Qanunla nəzarət olunmuş razılaşdırmalar milli geologiya xidməti orqanlarının əməkdaşları ilə əlaqəli şəkildə aparılmalıdır. Geoloqlar razılaşdırmaya rəy verməlidirlər”.
Hüseyn Bağırov meşə yanğınlarının qarşısının alınması ilə bağlı çox ciddi tədbirlər planı hazırlandığını da bildirib: “Meşə yanğınları əsasən onunla bağlı oldu ki, iyul-avqust ayı çox quraqlıq oldu. Ümumilikdə böyük yanğınlar olmadı. Doğrudur, bizdə elə olmayıb ki, biz yanğınla 1 gündən artıq mübarizə aparaq. Elə yer oldu ki, 2-3 gün mübarizə aparmaq lazım gəldi. Yanğın əleyhinə bizim özümüzün də dəstəsi var, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mübarizə İdarəsi də bu sahədə çox fəaldır".
Nazir bildirib ki, yanğınlar bəzən dairəvi ildırım çaxması nəticəsində də baş verir. Hüseyn Bağırov ağacların kəsilməsi məsələsinə də münasibət bildirib. O qeyd edib ki, Azərbaycan tarixində heç vaxt ağacların belə az qırılması prosesi olmayıb.