Komitə sədri: "Ölmüş heyvan ətindən dönər hazırlanması faktları aşkarlanıb"
"Azərbaycanda ölmüş heyvanların ətindən dönərdə istifadə edildiyi barədə faktlar aşkarlanıb".
APA TV-nin xəbərinə görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov deyib. Komitə sədrinin sözlərinə görə, artıq bununla bağlı monitorinqə başlanıb: “Biz istəyirik ki, bu dönər ətləri kustar üsulla, yəni, dönərxanaların özündə yox, müasir standartlara cavab verən müəssisələrdə hazırlansın. Bu ətlərin xaricdən də gətirilməsi mümkündür. Amma əsas tələbimiz odur ki, dönər ətinin istehsalı zamanı təhlükəsizlik tələbləri yerinə yetirilsin”.
Azərbaycanda Yeni il hədiyyələrinin keyfiyyət standartlarına uyğun yoxlanıldığını deyən Ramiz Həsənov bildirib ki, ticarət obyektlərinin yoxlanması ilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti məşğul olur.
Onun sözlərinə görə, ölkə bazarlarında keyfiyyət standartlarına uyğun gəlməyən məhsullara hələ də rast gəlmək mümkündür, lakin belə məhsulların sayı ildən-ilə azalır.
Komitə sədri deyib ki, Azərbaycana idxal olunan "Premium Еurо-95" və "Super Еuro-98" benzin markaları Avro-4 və Avro-5 ekoloji standartlarına uyğun gəlir.
Qeyd edək ki, Avro-4 standartının tətbiqi ilə əlaqədar ölkəyə avtomobil nəqliyyatı vasitələrinin idxalı azalıb. 2014-cü ilin yanvar-noyabr aylarında ölkəyə 56 804 min avtomobil gətirilib ki, 2012-ci ilin eyni dövründə bu rəqəm 93 686 ədəd olub.