Şamaxıda humanitar aksiya: 30 gözdən əlil şəxs əməliyyat olunub
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası dekabrın 24-də Şamaxı rayonunda gözdən əlilliyi olan şəxslərə oftalmoloji xidmətlər göstərib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə respublikada ilk dəfə olaraq keçirilən bu xeyriyyə aksiyasında gözdən əlil şəxslər əməliyyat olunub. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib ki, prezident İlham Əliyevin ölkədə əlilliyi olan şəxslərin hərtərəfli qayğı ilə təmin olunması sahəsində həyata keçirdiyi siyasətə uyğun olaraq nazirlik tərəfindən məqsədyönlü işlər aparılır: "Şamaxı, İsmayıllı və Qobustan rayonları üzrə 19 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 60 nəfər müayinə olunub və əvvəlcədən qeydiyyatı aparılan və müalicə aparılmaqla reabilitasiyası mümkün olan, lakin maddi imkansızlıqdan cərrahi əməliyyat etdirə bilməyən 30 gözdən əlil şəxs səyyar klinikada müvafiq oftalmoloji xidmətlərlə təmin edilib".
Nazir müavini bunu bir bərpa proseduru, reablitasiya vasitəsi olduğunu qeyd edərək gələcəkdə müxtəlif xəstəliklərlə bağlı bu cür hümanitar aksiyaların digər bölgələrdə də keçiriləcəyini bildirib.
Müasir diaqnostik və cərrahi avadanlıqlarla tam təmin edilən səyyar klinikada yüksək ixtisaslı və peşəkar həkim briqadası tərəfindən gözdən əlil şəxslər ətraflı tibbi müayinə edilib və onlara müvafiq müalicə prosedurları tətbiq olunub. Bununla yanaşı, səyyar klinikada müxtəlif göz xəstəliklərindən əziyyət çəkən və xəstəliyin ağırlaşdığı təqdirdə əlilliyə məruz qalma ehtimalı olan şəxslərin də müayinəsi aparılıb və onların müalicəsi üçün müvafiq oftalmoloji tədbirlər görülüb.